TƏHSİL

MİQ üzrə müsahibə mərhələsinin vaxtı açıqlanıb

Müsahibə zamanı namizədlərin kompetensiyaları, psixoloji hazırlığı, ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.
Sputnik
BAKI, 4 avqust — Sputnik. Avqustun 9-dan etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində uğur qazanmış namizədlər üçün müsahibə mərhələsinə start veriləcək.
Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən verilən məlumatda bildirilib.
Qeyd edilib ki, müsabiqənin müsahibə mərhələsinə ümumilikdə 5660 namizəd dəvət olunub və müsahibələr avqust ayının 18-dək davam edəcək.
Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.
Müsahibə mərhələsində uğur qazanmış namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.
Qeyd edək ki, namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.