DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 11-ə çatıb

Baş verən bədbəxt hadisə ilə əlaqədar olaraq artıq ölkədə matəm günü elan edilib.
Sputnik
BAKI, 4 avqust - Sputnik. Gürcüstanın Şovi bələdiyyəsi ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 11-ə çatıb. Azərtac xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili məlumat verib.
Onun sözlərinə görə, 210 nəfər təbii fəlakət zonasından təhlükəsiz əraziyə köçürülüb, 25 nəfərin axtarışları davam etdirilir.
Qeyd edək ki, avqustun 7-si Gürcüstanda matəm elan olunub.
Azərbaycan XİN Gürcüstana başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Şovi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsində həyatını itirənlərin yaxınlarına başsağlığı verib.
“Ümid edirik ki, hələ də itkin düşən onlarla insan sağ-salamat tapılacaq. Biz Gürcüstan hökumətinin və xalqının yanındayıq”, - başsağlığında deyilir.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın Raça dağlıq bölgəsində Şovi kurortunun yaxınlığında sel və torpaq sürüşməsi nəticəsində baş vermiş fəlakət ilə əlaqədar Gürcüstanın xarici işlər naziri İlya Darçiaşviliyə zəng vurub. Bu barədə XİN-in məlumatında deyilir.
Nazir bu ağır fəlakət zamanı həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan hökuməti və xalqına dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib. Nazir itkin düşmüş şəxslərin tezliklə tapılacağına ümid bəslədiyini bildirib.
C.Bayramov Azərbaycanın hər zaman Gürcüstanın yanında olduğunu, xilasetmə tədbirləri və təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində hər bir yardım göstərməyə hazır olduğunu vurğulayıb.
Nazir İlya Darçiaşvili həmrəyliyə və göstərilən dəstəyə görə minnətdarlığını diqqətə çatdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.