BAKI, 4 avqust - Sputnik. Rusiya Zəngəzur dəhlizinin açılmasını vacib sayır. Bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko deyib.
“Rusiya dəfələrlə bu infrastruktur layihəsinin açılmasının vacibliyini vurğulayıb. Bu, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda da qeyd olunub. Hər halda, Moskva regionda nəqliyyat kommunikasiyalarının açılmasının və üçtərəfli bəyanatda qeyd olunan müddəaların tam şəkildə həyata keçirilməsinin tərəfdarıdır", - deyə Korotçenko bildirib.
Politoloq xatırladıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan ötən ilin sonunda Zəngəzur dəhlizinin açılmasından rəsmən imtina edib:
“Öz növbəsində, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edir ki, bu proses həyata keçiriləcək. Azərbaycan tərəfi öz üzərinə düşən işi görür. Müvafiq olaraq, növbə Ermənistan tərəfinindir. Axı Zəngəzur dəhlizinin açılmasının alternativi yoxdur”, - deyə ekspert bildirib.
(Report)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.