İDMAN

Konfrans Liqası: "Sabah" və "Neftçi"dən inamlı qələbə

Azərbaycanın üç klubu UEFA Konfrans Liqasında gücünü sınayıb.
Sputnik
BAKI, 3 avqust - Sputnik. UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Azərbaycan klublarının iştirakı ilə bir sıra oyunlar olub.
“Neftçi” Bakıda Bosniya və Herseqovinanın “Jelezniçar” klubu ilə qarşılaşıb. Bu komandalar arasında Sarayevoda keçirilən ilk oyunda 2:2 hesabı qeydə alınmışdı.
Qarşılaşmanı macarıstanlı baş hakim Balaş Berke idarə edib.
Qarşılaşmada ilk qolun müəllifi 20-ci dəqiqədə ev sahiblərinin futbolçusu Kenni Sayef olub - 1:0. Birinci hissə bu hesabla başa çatıb.
68-ci dəqiqədə Eddi İsrafilov hesabı 2:0-a çatdırıb. Görüş bu hesabla başa çatıb və "Neftçi" növbəti mərhələyə adlayıb.
***
Kiprdə isə "Omoniya" və "Qəbələ" qarşılaşıblar. Bu komandalar arasında Qəbələdə keçirilən ilk oyun 3:2 qonaqların xeyrinə başa çatmışdı.
Oyunu isveçli baş hakim Adam Ladebek idarə edib.
5-ci dəqiqədə Roman Bezus meydan sahiblərini hesabda önə keçirib. 29-cu dəqiqədə penaltini dəqiq yerinə yetirən Roman Bezus dubl edib. 39-cu dəqiqədə Adam Lanq 3-cü topu "qırmızı-qaralar"ın qapısından keçirib - 3:0. Birinci hissə bu hesabla başa çatıb.
İkinci hissədə, 56-cı dəqiqədə Azərbaycan təmsilçisi Ahmed Ayzayanın vurduğu qolla fərqi azaltsa da, cəmi 3 dəqiqə sonra Villi Semedu 4-cü topu "qırmızı-qaralar"ın qapısından keçirib - 4:1.
Görüş bu hesabla başa çatıb və "Qəbələ" yarışda iştirakını dayandırıb.
***
Digər təmsilçimiz paytaxtın "Sabah" klubu isə UEFA Konfrans Liqasında III təsnifat mərhələsinə yüksəlib.
Klub buna cavab oyununda Bakıda Latviyanın RFŞ komandasını 2:1 hesabı ilə məğlub etməklə nail olub. İlk qarşılaşmada rəqibinə 2 cavabsız qolla qalib gələn "Sabah" iki görüşün nəticəsinə əsasən adını növbəti mərhələyə yazdırıb.
Oyunu isveçrəli baş hakim Fedayi San idarə edib.
Cavab oyununun ilk hissəsində qapılara top vurulmayıb.
Hesab isə 67-ci dəqiqədə açılıb. Yanus İkauniyeks qonaqları önə çıxarıb. 10 dəqiqə sonra fərqlənən Coy Lens Mikels tarazlığı bərpa edib - 1:1. 90+4-cü dəqiqədə isə Emanuel Apeh yekun hesabı müəyyənləşdirib - 2:1.
Növbəti mərhələdə "Sabah" Belqradın "Partizan" klubu ilə rastlaşacaq.