SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Hikmət Hacıyev: Qərbi Azərbaycan İcmasının Ermənistanda öz yurdlarına qayıtmaq hüququ var

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistanın o dövrdəki demoqrafik vəziyyətinə baxdıqda, müsəlmanların, xüsusilə də azərbaycanlıların geniş coğrafi regionda məskunlaşdıqlarını və oranın yerli icması olduğunu görmək olar.
Sputnik
BAKI, 2 avqust — Sputnik. Qərbi Azərbaycan İcmasının Ermənistanda öz yurdlarına qayıtmaq hüququ var, çünki bu icma 1980-ci illərin sonlarında Ermənistandan qovulub.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Səudiyyə Ərəbistanının "Əş-Şarg əl-Avsat" qəzetinə müsahibəsində bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, Ermənistanın o dövrdəki demoqrafik vəziyyətinə baxdıqda, müsəlmanların, xüsusilə də azərbaycanlıların geniş coğrafi regionda məskunlaşdıqlarını və oranın yerli icması olduğunu görmək olar:

"Lakin bugünkü Ermənistan monoetnik cəmiyyətdir. Buna görə də Qərbi Azərbaycan icmasının öz vətəninə qayıtmaq hüququ var. Təəssüf ki, Ermənistan bu icmanın hüquqlarını tam şəkildə pozur".

Qərbi Azərbaycan İcması
Xatırladaq ki, Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisidir. Avqustun 3-də İctimai Birliyin adı dəyişdirilərək "Qərbi Azərbaycan İcması"na çevrilib, İcmanın yeni Nizamnaməsi təsdiq olunub. İcmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar yaradılıb və seçkilər keçirilib.
Təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur.