SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

XİN İslam Əməkdaşlıq Təşkilatı ölkələrini islamofobiya ilə mübarizə aparmağa çağırıb

Xarici işlər nazirinin müavini İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında iştirak edib.
Sputnik
BAKI, 1 avqust - Sputnik. 31 iyul 2023-cü il tarixində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının virtual formatda növbədənkənar iclası keçirilib. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bir sıra ölkələrdə Quran-i Kərimin təhqir olunması və yandırılması halları ilə əlaqədar keçirilən tədbirdə ölkəmizi Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev təmsil edib.
Nazir müavini Fariz Rzayev tədbirdə çıxış edərək, xarici ölkələrində müqəddəs Quranın yandırılması və təhqir olunması hallarına yol verildiyini, bunun ifadə azadlığı adı altında təqdim olunması kimi məsuliyyətsiz hərəkətlərin qəbuledilməz olduğunu vurğulayıb, müvafiq dövlət qurumları tərəfindən İslamofobiya ilə mübarizə aparmağa çağırış edib.
Bundan əlavə, F.Rzayev çıxışında Azərbaycanın müstəqilliyinin ilk günlərindən İslamofobiyanın qurbanına çevrildiyini və ərazilərimizin 20%-nin Ermənistan tərəfindən işğalı zamanı erməni qüvvələrinin çoxlu sayda məscidləri, mədrəsələri və islam irsimizin simvollarını dağıtdığı faktlarını diqqətə çatdırıb.
Buna baxmayaraq, Azərbaycanın nifrət və zorakılıq əvəzinə mültikulturalizm və tolerantlıq dəyərlərini təşviq etdiyi, bununla bağlı, Azərbaycanın mədəniyyətlərarası və dinlərarası platforma kimi bır sıra yüksək səviyyəli tədbirlərə mütəmadi əsasda ev sahibliyi etdiyi qeyd olunub.
Növbədənkənar iclasın sonunda məsələyə dair müvafiq qətnamə qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.