İDMAN

Bakıda Dünya Kuboku: Azərbaycanlı qrossmeyster sabah Rusiya şahmatçısı ilə qarşılaşacaq

1/64 finalda Əsədli ilə Nepomnyaşi arasında ilk partiya avqustun 2-də baş tutacaq.
Sputnik
BAKI, 1 avqust - Sputnik. Azərbaycanlı qrossmeyster Vüqar Əsədli bu günlərdə Bakıda keçirilən Dünya Kubokunun ilk turu çərçivəsində çərşənbə axşamı Vyetnam şahmatçısı Tuan Min Leyə qalib gəlib.
Qrossmeysterlər ilk turun gedişində üç oyun günü ərzində ən güclüləri müəyyən ediblər. Klassik vaxta nəzarəti olan oyunlarda şahmatçılar ağ fiqurlarla hərəyə bir qələbə qazanıblar.
Belə ki, tay-brekdə Əsədli qara fiqurlarla heç-heçə edib, ağ fiqurlarla yenə qalib gəlib.
1/64 finalda Əsədli rusiyalı qrossmeyster Yan Nepomnyaşi ilə qarşılaşacaq. İlk partiya çərşənbə günü, avqustun 2-də baş tutacaq.
Yan Nepomnyaşi
Qeyd edək ki, iyulun 30-da Azərbaycan paytaxtında şahmat üzrə Dünya Kuboku start götürüb.
Avqustun 25-dək davam edəcək yarışda açıq bölmədə 206, qadınlar bölməsində isə 103 şahmatçı iştirak edir. Azərbaycanı bu çempionatda 17 şahmatçı təmsil edir.
Dünya Kubokunun yekunlarına əsasən, ən güclü üç şahmatçı 2024-cü ildə keçiriləcək Namizədlər Turnirinə vəsiqə əldə edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.