BAKI, 1 avqust - Sputnik. İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO Sankt-Peterburq şəhərində keçirilən “Paradnaya Assambleya” Beynəlxalq Antiböhran Konqresində iştirak edib.
AZPROMO-dan bildirilib ki, iki gün davam edən konqresdə Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya və Tacikistanın dövlət orqanları, nazirliklər və müvafiq qurumların nümayəndələri iştirak ediblər.
Tədbirdə iştirakçılar arasında antiböhran idarəetməsi sahəsində Rusiya və MDB ölkələrinin tendensiyalarını və qabaqcıl təcrübələrini ümumiləşdirmək üçün fikir mübadiləsi aparılıb.
AZPROMO Sankt-Peterburqda “Paradnaya Assambleya” Beynəlxalq Antiböhran Konqresində iştirak edib
© Photo : AZƏRTAC
Konqres çərçivəsində dövlət orqanları, ticarət və sənaye palataları, Antiböhran İdarəetmə Peşəkarlarının Milli İttifaqı, özünütənzimləmə təşkilatları, maliyyə şirkətləri və elektron ticarət platformalarının nümayəndələri və rəhbərləri, eləcə də hüquqşünaslar və arbitraj idarəçiləri çıxış ediblər.
İştirakçılar müflisləşmə (iflas) və maliyyə sağlamlaşdırılması institutunun aktual problemlərini, MDB ölkələrində arbitraj idarəçilərinin hüquqi statusu və dövlətlərarası əməkdaşlıq imkanlarını, o cümlədən investisiya cəlbediciliyinin artırılması, mediasiya və digər məsələləri müzakirə ediblər.
(Azərtac)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.