DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Antarktidada Argentina ərazisi ölçüsündə buz parçası əriyir

Kolorado Universitetinin qlyasioloqu Ted Skambos bildirib ki, dəniz buzunun ərimə səbəblərindən biri də planetin çirklənməsinə və istiləşməsinə görə Antarktida ətrafında artan qərb küləkləridir.
Sputnik
BAKI, 31 iyul - Sputnik. Antarktida, həcminə görə Argentina ərazisi ilə müqayisə edilə bilən dəniz buzunu itirib.
Bu barədə Rusiya mediası "CNN"nin yazdığına istinadən xəbər verib.
Qeyd olunur ki, hər il fevralın sonunda, qitəyə yay gələndə Antarktika dəniz buzları azalır, qışda isə yenidən bərpa olunur. Ancaq bu dəfə buzun səviyyəsi çox aşağı olduğu və alimlərin gözləntilərini doğrultmadığı üzə çıxıb.
Milli Qar və Buz Məlumat Mərkəzinin (NSIDC) məlumatına görə, buz sahəsi ötən qış rekordundan 1,6 milyon kvadrat kilometr azdır.
Kolorado Universitetinin qlyasioloqu Ted Skambos dəniz buzunun əriməsinin bir sıra səbəblərlə əlaqəli olduğunu, bunlardan birinin planetin çirklənməsinə və istiləşməsinə görə Antarktida ətrafında artan qərb küləklərinin olduğunu söyləyib.
"Bəlkə də biz bir daha Antarktika sisteminin, məsələn, 15 il əvvəl olduğu kimi, çox uzun bir dövr ərzində, bəlkə də heç vaxt necə bərpa olunduğunu görə bilməyəcəyik", - deyə alim bildirib.
Xatırladaq ki, bu ilin iyul ayının ilk həftəsində Yer kürəsində orta temperatur üç dəfə tarixi maksimumunu yeniləyərək 17,23 dərəcəyə çatıb. Əvvəllər rekord 2016-cı ilin avqustunda qeydə alınıb.