BAKI, 30 iyul - Sputnik. Volqa Federal Dairəsində pis hava şəraiti nəticəsində 9 nəfər həlak olub, daha 76 nəfər xəsarət alıb.
Bu barədə iyulun 30-da Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Küləyin sürətinin saniyədə 27 metrə qədər güclənməsi ilə müşayiət olunan təbii fəlakət, Tatarıstan, Mari El, həmçinin Çuvaşiya, Nijni Novqorod, Ulyanovsk, Penza, Kirov və Samara bölgələrinə təsir edib.
Təbii fəlakət nəticəsində 500-dən çox ağac aşıb. Hazırda 99,5 min insan işıqsız qalıb. Bundan başqa, 41 yaşayış binasının, həmçinin 7 sosial obyektin dam örtüyünə ziyan dəyib.
Məlumata görə, Çuvaşiyada Morqauş rayonunda Volqada qayıq aşıb. Yeddi nəfəri xilas etmək mümkün olsa da, bir nəfər həyatını itirib.
Xatırladaq ki, Mari Eldə baş verən qasırğa zamanı 7 nəfər ağacların aşması nəticəsində həlak olub. Respublikanın mülki müdafiə komitəsinin rəhbəri Aleksandr Malkin bildirib ki, hər şeyin baş verdiyi Yalçık gölü bu rayon sakinlərinin sevimli istirahət yeridir.