“Minalar müharibə bitəndən sonra üç yüzdən artıq insanın həyatına son qoyub və ya onları ağır şəkildə yaralayıbdır. Yəni, üç yüzə yaxın minanın partlaması azad olunmuş ərazilərdə baş vermişdir. Bu isə müharibə cinayətidir, minaları basdırmaq müharibə cinayətidir. Amma həmin minaların xəritəsini təqdim etməməsi Ermənistanın bizə qarşı olan terrorunun davamıdır. Biz bilirik ki, o xəritələr onlarda var, çünki minalar məhz belə basdırılır”.
“Biz ciddi səylər göstəririk, tədbirlər həyata keçiririk ki, minalardan azad olaq. Biz avadanlıq almışıq, xüsusi maşınlar gətirmişik. Bizim yerli şirkətlərdən biri artıq Azərbaycanda onları istehsal etməyə başlayıb. Biz özəl şirkətləri dəvət etmişik və bu istiqamətdə bir neçə özəl şirkət yaradılıbdır, onlar da bu prosesə qoşulublar. Bizim dövlət minatəmizləmə agentliyimiz ANAMA Müdafiə Nazirliyinin müvafiq bölmələri və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri ilə birlikdə gecə-gündüz çalışırlar ki, əraziləri minadan təmizləsinlər”.
“Biz dronlardan fəal şəkildə istifadə edirik. Bizim bəzi parlaq zəkaya malik insanların sayəsində artıq belə dronlar var. Bu, bizə böyük yardım olur. Ancaq biz dərk edirik ki, bu, çox uzun bir prosesdir. Təəssüflər olsun, bilməliyik ki, gələcəkdə də qurbanlar olacaqdır, ermənilərin bizə qarşı terroru davam edir. Minalardan təmizlənməmiş əraziləri biz təcrid etmişik və azad olunmuş ərazilərə hələ də giriş məhduddur”.
“Çünki Ermənistan tərəfindən verilən xəritələrin dəqiqlik səviyyəsi çox aşağıdır. İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinin həyata keçirilməsində çalışan vətəndaşlar və öz doğma torpaqlarına geri qayıdan keçmiş məcburi köçkünlər onlara verilən maarifləndirmə məlumatlarına, təlimatlara ciddi əməl etməlidirlər. İctimai Birlik hazırda işğaldan azad olunmuş ərazilərdəki mina və partlamamış hərbi sursatlar probleminə dair monitorinqlərin keçirilməsi işinə cəlb olunub. Həmin monitorinqin yekun hesabatı əməkdaşlıq etdiyimiz və mina problemləri ilə məşğul olan bütün beynəlxalq təşkilatların rəhbərlərinə, donor ölkələrin nümayəndələrinə göndəriləcək”.