DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Kim Çen In Şoyquya ABŞ dronlarına bənzəyən yeni dronları göstərib

Şimali Koreya lideri Rusiya Müdafiə Nazirliyinin rəhbəri ilə birlikdə silah sərgisini ziyarət edib.
Sputnik
BAKI, 27 iyul — Sputnik. Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə birlikdə sərgiyə baş çəkib və sərgidə nazirə ən yeni silah növlərini nümayiş etdirib.
Bu barədə iyulun 27-də Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat verib.
Cənubi Koreyanın "Yonhap" agentliyinin məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin rəhbərinə xüsusilə iki pilotsuz təyyarə (dron və ya PUA) nümunəsi göstərilib. Nəşr yazıb ki, dronlardan biri ABŞ istehsalı olan RQ-4 "Global Hawk" kəşfiyyat dronuna, digəri isə ABŞ-ın MQ-9 "Reaper" kəşfiyyat dronuna bənzəyir.
"Yonhap"ın jurnalistləri qeyd ediblər ki, təqdim edilən PUA-lardan birincisi Cənubi Koreyanın silahlanmasında olan "Global Hawk" dronuna o qədər bənzəyir ki, onlar eyni vaxtda Koreya yarımadası üzərində havada uçmağa başlasalar, onları hətta qarışdırmaq belə mümkündür.
Xatırladaq ki, iyulun 25-də Şoyqunun başçılığı ilə Rusiya hərbi nümayəndə heyəti Respublikada keçirilən təntənəli tədbirlərdə iştirak etmək üçün KXDR-ə gəlib.
Daha sonra məlum olub ki, Rusiya müdafiə naziri Pxenyanda Kim Çen Inla görüşüb. Tərəflər danışıqlarda milli müdafiə və təhlükəsizlik məsələlərini müzakirə edib, yeni silah və texnika nümunələrinin sərgisini ziyarət edib, bayram konsertində iştirak edib və hədiyyə mübadiləsi aparıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.