BAKI, 27 iyul — Sputnik. "Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin açıqlaması ermənipərəst mövqedən başqa bir şey deyil və bizim üçün qəbuledilməzdir". Bunu Sputnik Azərbaycan-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib.
Qeyd edək ki, Avropa diplomatiyasının rəhbəri Cozep Borrell deyib ki, Aİ Azərbaycanın Ağdam vasitəsilə yükləri çatdırmağa hazır olduğunu qeyd edib, lakin bu, Laçın dəhlizinin açılmasına alternativ deyil. Onun sözlərinə görə, Brüssel "keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti"ndə humanitar vəziyyətdən narahatdır.
Millət vəkili qeyd edib ki, Borrellin mövqeyi anlaşılmazdır, çünki hər gün Beynəlxalq Qırmızı Xaç Təşkilatının vasitəsilə Laçın sərhəd keçid məntəsindən yüzlərlə nəqliyyat vasitəsi hərəkət edir:
"Azərbaycanın addımları Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə hüquqi əsaslandırmasını alıb və bu Azərbaycanın suveren hüququ kimi tanınıb. Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan tərəfinin Laçın yolu ilə bağlı iddialarını qeyri-qanuni hesab edib. Görünür ki, Aİ-dəki bəzi siyasi dairələr qaranlıq siyasət həyata keçirirlər".
Nəsirov Aİ-nin hazırda Azərbaycana möhtac olduğunu, bu fonda korrupsioner diplomatların şəxsi mənfəətlərindən çıxış etdiklərini deyib.
"Aİ Azərbaycana yalvarır ki, hazırkı şəraitdə İttifaqa üzv ölkələrə qaz təminatına dəstək versin. Bunun fonunda verilən açıqlama isə oturduğu budağı kəsməyə bənzəyir. Azərbaycan Aİ-yə qaz ixracını iki dəfə artırmaqla bağlı qərar qəbul etdiyi halda Avropa İttifaqının siyasi rəhbərliyi səviyyəsində rüşvət və korrupsiya halları elə bir səviyyəyə gəlib çatıb ki, belə bir açıqlama verilir. Elə-belə heç nə olmur. Aİ-nin böyük strateji maraqlarını kənara qoyub cılız erməni maraqlarına xidmət edən açıqlamalarla bizə təzyiq etmək olmaz", - millət vəkili vurğulayıb.