BAKI, 26 iyul — Sputnik. 2013-2023 illər ərzində dünyada 82 milyon hektar meşə sahəsi yanıb, 2016-cı ildə 9,63 milyon hektar sahənin yanması ilə ən böyük meşə itkisi qeydə alınıb.
Bu rəqəmlər planetimizdə meşə yanğınları ilə bağlı məlumatları toplayan "Global Forest Watch" internet saytında yer alıb.
Saytın məlumatına görə, son 10 ilin ən böyük yanğınları Avstraliya, Rusiya, Kanada və ABŞ-da baş verib. Hazırda Kanada, Yunanıstan, Əlcəzair və İtaliyada meşə yanğınları tüğyan etməkdədir.
Dünya üzrə son on illiyin ən böyük meşə yanğını Avstraliyada olub. Ölkənin bir sıra əyalətlərində 2019-cu ilin payızında başlayan və təxminən altı ay davam edən genişmiqyaslı meşə yanğınları nəticəsində 479 nəfər həyatını itirib. Avstraliya tarixinə "Qara yay" kimi yazılan bu yanğınlarda 24 milyon hektardan çox ərazi və 3500 ev yanıb.
Rusiyada 2021-ci ildə 18,16 milyon hektardan çox, ABŞ-da 2020-ci ildə 1,7 milyon hektar meşə yanaraq məhv olub.
Kanadada bu ilin may ayında başlayan və hələ də davam edən yanğınlar isə 10 milyon hektardan çox meşə sahəsinə yayılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.