BAKI, 26 iyul — Sputnik. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Quranın yandırılması ilə bağlı fövqəladə iclas keçirəcək. İyulun 31-də İƏT üzvü olan 57 ölkənin xarici işlər nazirləri virtual formatda fövqəladə iclas keçirəcəklər.
Bildirlib ki, iclasda İsveç və Danimarkada Quran yandırılması müzakirə olunacaq.
İran Xarici İşlər Nazirliyinin məlumatına görə, iclas Tehran və Bağdadın təklifi, həmçinin İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahyanın müsəlman ölkələrindəki həmkarlarına etdiyi zənglər əsasında planlaşdırılıb.
Xatırladaq ki, ultra milliyyətçi "Danimarka vətənpərvərləri" qrupunun üzvləri İraqın Kopenhagendəki səfirliyi önündə keçirdikləri aksiya zamanı Quran kitabını yandırıblar.
Radikallar aksiyanı İsveçin Bağdad şəhərindəki səfirliyinə bu yaxınlarda edilən hücuma cavab olaraq keçirdiklərini bildiriblər. Polisin gücləndirilmiş mühafizəsi altında baş tutan aksiyada KİV nümayəndələri də iştirak edib. Aksiya qrupun sosial şəbəkələrdəki səhifələri ilə canlı yayımlanıb.
"Danimarka vətənpərvərləri" ultra milliyyətçi qrupu İslam dini əleyhinə təhqiramiz hərəkətləri ilə tanınır. Bundan öncə radikallar Türkiyənin Kopenhagendəki səfirliyi önündə türk bayrağını və Qurani-Kərimi təhqir etmişdi.
Stokholm polisinin də İraq səfirliyi qarşısında Quranın yandırılması aksiyasına icazə verməsinə etiraz olaraq iyulun 20-nə keçən gecə yüzlərlə etirazçı İsveçin Bağdaddakı səfirliyinə hücum edərək diplomatik missiyanın binasını yandırıb. İsveçdə İraq səfirliyinin qarşısında Qurani-Kərimin yandırılması İraqda böyük hiddətə səbəb olub. Bu, İsveçdə baş verən ilk islamofob hərəkət deyil.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.