BAKI, 26 iyul — Sputnik. Rusiya Xarici İşlər Nazirliyi (XİN) Kanadanın Avropa İttifaqının (Aİ) Ermənistandakı (Azərbaycanla sərhəddə) Monitorinq Missiyasına qoşulmasına münasibət bildirib.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, "kanadalıların Ermənistanda peyda olması xarici siyasət müstəqilliyini tamamilə itirmiş Aİ-nin ABŞ və NATO-nun maraqlarına xidmət etməklə məşğul olduğunu açıq şəkildə təsdiqləyir".
Zaxarova, Aİ-nin Ermənistandakı monitorinq missiyasının Rusiya ilə geosiyasi qarşıdurma vəzifəsinə tabe olduğunu, eyni zamanda, Ermənistan-Azərbaycan sərhədində toqquşmaların qarşısını almadığını vurğulayıb.
"Burada Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına hər hansı töhfədən söhbət getmir", - o əlavə edib.
Rusiya XİN rəsmisi, bunun bir daha gərginliyin azaldılmasının əsas mexanizmlərindən biri kimi Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın işi olduğunu təsdiq etdiyini deyib.
Zaxarova, nə Brüssel, nə də ABŞ-ın vasitəçiliyinin Cənubi Qafqaz regionunda sabitliyə gətirib çıxaracaq bir nəticə vermədiyini bəyan edib.
Xatırladaq ki, Avropa İttifaqının (Aİ) Azərbaycan-Ermənistan sərhəddindəki Monitorinq Missiyasına daha bir ölkə qoşulub. Aİ Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin qərarına əsasən bölgəyə missiya ilə gələn ölkə Kanadadır.
Avropa İttifaqı Şurası sərhəd ərazilərdə "sabitliyə töhfə vermək" məqsədi ilə Ermənistanda mülki missiya yaratmaq barədə razılığa gəlib. Aİ Şurası bildirib ki, bu missiya vasitəsilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində əlverişli mühitin və etimadın yaradılması nəzərdə tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.