DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

NATO Ukrayna taxılını daşıyan gəmilərin müşayiəti ideyasını dəstəkləməyəcək - Keçmiş səfir

Diplomatın sözlərinə görə, taxıl sövdələşməsi BMT-nin rəhbərliyi altında həyata keçirilib və BMT bundan sonra da gərginliyin azaldılması istiqamətində atılan addımların mərkəzində olmalıdır.
Sputnik
BAKI, 26 iyul — Sputnik. NATO ölkələri Rusiya taxıl sazişindən çıxdıqdan sonra Qara dənizdə Ukrayna taxılı olan gəmilərin alyansın hərbi gəmiləri tərəfindən müşayiət olunması ideyasını dəstəkləməyəcək. Bu barədə Türkiyənin Rusiya Federasiyasındakı keçmiş səfiri Hüseyn Diriöz məlumat verib.
"ABŞ prezidenti Co Bayden bu yaxınlarda Rusiya ilə münaqişədə olan ölkəni alyansa qəbul etmək və vəziyyəti NATO-Rusiya münaqişəsinə çevirmək istəmədiyini bildirib. Ona görə də bu ideyanın çoxlu tərəfdarlarının olacağını düşünmürəm. Türkiyə NATO üzvlüyünə əlavə olaraq, Montrö Konvensiyası çərçivəsində Qara dənizə çıxış rejimini həyata keçirən ölkə olaraq, bu mövzuda ehtiyatlı davranmağa davam etməlidir. Montrö Konvensiyasına ciddi şəkildə əməl edilməlidir", - Diriöz bildirib.
Diplomatın sözlərinə görə, taxıl sövdələşməsi BMT-nin rəhbərliyi altında həyata keçirilib və BMT bundan sonra da gərginliyin azaldılması istiqamətində atılan addımların mərkəzində olmalıdır.
"NATO-nun mandatı alyans ölkələrini qorumaqdır. Düşünmürəm ki, buna uyğun bir vəziyyət var", - Diriöz izah edib.
İyulun 25-də NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin keçmiş komandanı Ceyms Stavridis Rusiyanın taxıl sazişindən çıxmasından sonra NATO hərbi gəmilərinin karvanlarının Qara dənizdə Ukrayna taxılı olan gəmiləri müşayiət edə biləcəyini bildirib. O hesab edir ki, NATO təyyarələri marşrutları patrul edə və Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanmasının gəmilərinin yerini izləyə bilər. O, Türkiyənin şimalında, Rumıniya və Bolqarıstanda alyansın qırıcı eskadrilyalarının yerləşdirilməsini, həmçinin hava və sualtı pilotsuz nəqliyyat vasitələrinin istifadəsini təklif edib.
Bu arada Türkiyə rəsmiləri Ankaranın Montrö Konvensiyasını məsuliyyətlə yerinə yetirdiyini, Çanaqqala və Bosfor boğazından hərbi gəmilərin keçməsinə icazə vermədiyini bildirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.