"Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sözdə tanısa da, təəssüf ki, hələ rəsmi şəkildə tanımır və vaxtaşırı Azərbaycanın daxili işlərinə müdaxilə hesab edilən addımlar atır. Ermənistan tərəfi qəbul etməlidir ki, Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilməyəcək və suveren hüquqlarını güzəştə getməyəcək".
"Çox təəssüf ki, Ermənistan danışıqlarla yanaşı, təxribat siyasətini də həyata keçirir. Azərbaycan sərhədçiləri atəşə tutulur, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdəki qanunsuz erməni silahlı birləşmələri təxribatlar törədir. Ermənistan hərbi siyasi dairələri bununla Azərbaycana təzyiq etməyə çalışır", - deyə millət vəkili vurğulayıb.
"Ermənistan tərəfi Azərbaycana qarşı hərbi və siyasi xarakterli təxribatlarını davam etdirir. Aşkar müşahidə edirik ki, Ermənistan Baş naziri öz mövqelərində çox sərt transformasiyalara yol verir. Bir tərfədən Azərbaycanın ərazi bütövlüyünü tadığını deyir, digər tərəfdən isə Ermənistan konstitusiyasında özlərini separatçıların təhlükəsizliyinin əsas qarantı kimi təqdim edirlər. Çox təəssüf ki, bu məsələ diqqət mərkəzindən kənarda qalır. Ermənistan sülh istəyirsə, hər şeydən öncə təcili olaraq konstitusiyasında dəyişikliklər etməlidir. Ermənistan konstitusiyası ilə Paşinyanın fikirləri arasında çox sərt ziddiyyət var".
"Moskva görüşü zamanı da Azərbaycan Ermənistanın destruktiv davranışlarını xatırlatdı, təyyarə uçuşlarına mane olunmasına, regionda gərginliyi artırma cəhdlərinə diqqət çəkdi. Bütün bunlara baxmayaraq Moskva görüşünün faydalı olduğunu düşünürəm. Məhz Rusiyanın vasitəçiliyi ilə imzalanmış bəyanatlarda sülhə xidmət edəcək elementlər öz əksini tapıb. Gələcəkdə ölkə liderləri səviyyəsində yeni görüşün keçiriləcəyi anonsunun verilməsi və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ermənilərin vəziyyəti ilə bağlı müzakirələrin aparılması görüşün əsas məqamı ola bilər. Bununla yanaşı xüsusi olaraq vurğulamalıyam ki, Azərbaycan ərazisində yaşayan ermənilərin vəziyyəti ilə bağlı çox aydın mövqeyimiz var və bu bizim daxili işimizdir".