RUSİYA

Taxıl sazişinin bərpası ilə bağlı danışıqlar aparılır? Rusiya XİN-dən açıqlama

XİN rəhbərinin müavini bildirib ki, 32 milyon tondan çox taxıl təklif olunmuş yerə, yəni, ehtiyacı olan ölkələrə deyil, Avropanın yaxşı təmin olunmuş ölkələrinə çatdırılıb.
Sputnik
BAKI, 25 iyul — Sputnik. Hazırda taxıl sazişinin bərpası ilə bağlı danışıqlar aparılmır. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib.
"İndi taxıl sazişinin və Qara Dəniz Taxıl Təşəbbüsünün bərpası ilə bağlı danışıqlar aparılmır. Biz öz mövqeyimizi açıq şəkildə bildirmişik. İyulun 17-dən sonra təşəbbüsün yenilənməsi baş tutmadı. Biz il ərzində topladığımız İstanbul razılaşmalarının təcrübəsini nəzərə alaraq buna etirazımızı bildirdik", - Verşinin rusiyalı jurnalistlərlə görüşündə deyib.
XİN rəhbərinin müavini bildirib ki, 32 milyon tondan çox taxıl təklif olunmuş yerə, yəni, ehtiyacı olan ölkələrə deyil, Avropanın yaxşı təmin olunmuş ölkələrinə çatdırılıb.
Taxıl sazişi iyulun 18-də dayandırılıb, Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etirazı barədə xəbərdar edib. Rusiya prezidenti Vladimir Putin əvvəllər qeyd edib ki, BMT-nin səylərinə baxmayaraq, Rusiya ilə razılaşmanın şərtləri yerinə yetirilməyib, çünki Qərb ölkələri vədlərinə əməl etmək niyyətində deyillər. Putin dəfələrlə qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini Avropa ölkələrinə ixrac edib və sövdələşmənin əsas məqsədi - ehtiyacı olan ölkələrə, o cümlədən Afrika ölkələrinə taxıl tədarükü heç vaxt həyata keçirilməyib.
Qara Dəniz Taxıl Təşəbbüsü fəaliyyətini dayandırdıqdan və dəniz humanitar dəhlizinin məhdudlaşdırılmasından sonra, 20 iyul 2023-cü il gecə yarısından etibarən Qara dənizdəki Ukrayna limanlarına gedən bütün gəmilər potensial hərbi yük daşıyıcıları hesab edilir və Kiyev rejiminin tərəfində Ukrayna münaqişəsinə cəlb edilir, Rusiya Müdafiə Nazirliyi bildirir. Bundan əvvəl Bloomberg yazıb ki, gəmiçilik biznesinin bir sıra nümayəndələri əmindirlər ki, taxıl müqaviləsinin müddəti başa çatdıqdan sonra "ağılları yerində olan" heç kim gəmiləri təhlükəli marşrutlar üzrə dənizə göndərməyəcək.