SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Paşinyan sülhməramlıların Qarabağı tərk etməsi üçün şərt irəli sürüb

Rusiya Federasiyasının sülhməramlı kontingenti 2020-ci ilin noyabrında Rusiya Federasiyası, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli razılaşmalar nəticəsində Qarabağa yerləşdirilib.
Sputnik
BAKI, 25 iyul — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında Rusiya sülhməramlılarının qonşu ölkənin ərazisindən, yəni, Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasının şərtini açıqlayıb.
Paşinyan iddia edib ki, Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilməsinin bir məqsədi var və bu, Rusiya Federasiyası Federal Məclisinin müvafiq qərarında öz əksini tapıb.
"Qərarda deyilir ki, Rusiya Federasiyasının prezidentinə əhalinin kütləvi ölümünün qarşısını almaq üçün sülhməramlılar göndərməyə icazə verilir. Bu, Rusiya Federasiyası prezidentinin Federal Məclisə müraciətindən götürülüb. Bu o deməkdir ki, sülhməramlılar Qarabağdan çəkilmək qərarına gəlsələr, o zaman belə bir təhlükə olmamalıdır. Əgər belə bir təhlükə varsa, Ermənistan hökumətinin belə bir qərar qəbul etməsini təsəvvür etmək çətindir", - o, deyib.
Baş nazirin fikrincə, geri çəkilmək qərarı üçün "Xankəndi ilə Bakı dialoqun effektiv olduğunu deməli, tərəflər Rusiya sülhməramlılarına ehtiyac olmadığını bildirməlidirlər".
Paşinyan Qarabağdakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət etmək və BMT Məhkəməsinin tələblərini yerinə yetirmək imkanlarını şərh edərək, bunu mövcud vasitələrdən biri adlandırıb. O qeyd edib ki, Ermənistan bu istiqamətdə işləyir, Təhlükəsizlik Şurası ölkələri ilə əlaqə saxlayır.
"BMT Təhlükəsizlik Şurasına müraciət etməkdə heç bir çətinlik yoxdur. Problem qərarın qəbul edilib-edilməyəcəyi və bunun nə olacağıdır", - Ermənistanın baş naziri deyib.
Onun sözlərinə görə, "unutmaq olmaz ki, BMT Təhlükəsizlik Şurası siyasi qurumdur, müraciət hazırlanmalı və müzakirə olunmalıdır".
Rusiya Federasiyasının sülhməramlı kontingenti 2020-ci ilin noyabrında Rusiya Federasiyası, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli razılaşmalar nəticəsində Qarabağa yerləşdirilib. Sənədə əsasən, Rusiya sülhməramlılarının qalma müddəti, əgər tərəflərdən heç biri buna etiraz etməsə, avtomatik olaraq növbəti beş il müddətinə uzadıla bilər. İyulun 12-də NATO-ya üzv ölkələrin dövlət başçılarının Vilnüsdə keçirilən sammitindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2025-ci ilə qədər Rusiya sülhməramlılarının Qarabağı tərk edəcəyinə əminliyini ifadə edib.