RUSİYA

Rusiya XİN pilotsuz təyyarələrin hücumuna sərt cavab verəcəklərini bəyan etdi

Rusiya diplomatik xidməti Ukraynanın hücumlarını "həyasız hərəkətlər" adlandırıb və bunun arxasında Qərbin vəziyyəti gərginləşdirmək niyyətinin olduğunu bildirib.
Sputnik
BAKI, 24 iyul — Sputnik. Moskva Kiyevin Rusiya ərazisinə pilotsuz təyyarələrlə hücumuna cavab olaraq sərt tədbirlər görmək hüququnu özündə saxlayır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Moskva meri Sergey Sobyanin iyulun 24-də Moskvada iki qeyri-yaşayış binasına pilotsuz təyyarələrin hücumunun qeydə alındığını, ciddi dağıntıların və itkilərin olmadığını bildirib.
Rusiya Müdafiə Nazirliyi də Kiyev rejiminin hücumunun qarşısının alındığını, elektron döyüş vasitələrinin zərərsizləşdirildiyini və pilotsuz təyyarələrin qəzaya uğradığını deyib.
Rusiya diplomatik xidməti Ukraynanın hücumlarını "həyasız hərəkətlər" adlandırıb. Bunun arxasında vəziyyəti gərginləşdirmək niyyəti olan Qərbin dayandığının qeyd edib.
"Biz insidenti Ukraynanın hərbi-siyasi rəhbərliyinin növbəti terror metodlarından istifadə etməsi, mülki əhalinin qorxudulması kimi qiymətləndiririk", - Rusiya XİN-dən bildiriblər.
Rusiya Xarici İşlər Nazirliyi Kiyevin hərəkətlərinin hərbi məna daşımadığını vurğulayıb.
Qeyd edək ki, ötən gecə Moskvaya dron hücumu olub. Yayımlanan videolarda paytaxtın müxtəlif yerlərində partlayışların fəsadları görünür. Belə ki, Komsomolski prospektində binalardan birində pəncərələr qırılıb, yol polis əməkdaşları tərəfindən bağlanıb.
Həmçinin şəhər daxilindəki hərbi hissənin dron hücumuna məruz qaldığı bildirilir. Hadisə Rusiya Müdafiə Nazirliyinin binasının yaxınlığında baş verib.
Hücumda ölən və ya yaralananların olmadığı açıqlanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RUSİYA
Moskvaya dron hücumu beynəlxalq terrorizm aktıdır - Rusiya XİN