BAKI, 24 iyul - Sputnik. Türkiyədə keçirilən “İDEF-2023” Beynəlxalq müdafiə sənayesi sərgisində iştirak etmək üçün qardaş ölkəyə səfər etmiş Müdafiə sənayesi naziri Mədət Quliyev Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda sursat partlayışı ilə əlaqədar Bakıya geri dönüb. O, dərhal Şirvan şəhərinə yollanıb.
Müdafiə sənayesi naziri Mədət Quliyev və Nazirliyin səlahiyyətli əməkdaşları, Şirvan şəhərinin prokuroru Kamal Talıbov, İcra Başçısı İlqar Abbasovla birlikdə hadisə yerinə baş çəkiblər, ətraflı məlumat əldə ediblər.
Mədət Quliyev və digər rəsmi şəxlər hadisə nəticəsində xəsarət alan Səbinə Şəkərovanı xəstəxanada ziyarət ediblər, həkimlərdən xəstənin vəziyyəti barədə məlumat alıblar.
Daha sonra Mədət Quliyev Hacıqabulda dəfn edilmiş Mehman Əhmədovun ailəsi və doğmaları ilə görüşüb, mərhumun yaxınlarına başsağlığı verib.
Müdafiə Sənayesi Nazirliyinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Yaşar İsakovun verdiyi məlumata görə, bu gün Nazirliyə məxsus “Şirvan Araz zavodu” MMC-də partlayış baş verib. Nəticədə bir nəfər vəfat edib, bir nəfər isə əlindən xəsarət alıb.
Hazırda MSN, FHN və Baş Prokurorluq tərəfindən araşdırmalar aparılır.