BAKI, 24 iyul — Sputnik. Bakı Ağır Cinayətlər Məhkəməsində Əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədovaya qarşı dələduzluqda təqsirləndirilən Türkiyə vətəndaşı Kemal Mustafa İblinin işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Kemal Mustafa İbli 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilərək, məhkəmənin iclas zalında həbs olunub.
Xatırladaq ki, prokuror onun 8 il azadlıqdan məhrum edilməsini tələb edib.
Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Kemal Mustafa İbli tərəfindən aldadıldığını bildirib. Kemal Mustafa İblinin Cavanşir Məmmədovdan 13 000 manat və 126 500 dollar aldığı və geri qaytarmadığı iddia olunub.
M. İbli barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Xatırladaq ki, artıq bir müddətdir ki, əməkdar artist Cavanşir Məmmədovla qızı Xatirənin qeyri-rəsmi nikah münasibətində olduğu keçmiş həyat yoldaşı, Türkiyə vətəndaşı Mustafa İbili arasındakı qalmaqal davam edir. Qarşı tərəf bir müddət əvvəl "Təsir dairəsi" verilişinə gələrək Xatirənin onu aldatdığını, onunla ailə quracağını deyərək bahalı hədiyyələr aldırdığını iddia edib.
C.Məmmədov Mustafanın dediklərini inkar edərək qızının onunla heç bir əlaqəsinin olmadığını deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.