DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İstanbul su anbarlarında suyun səviyyəsi son 9 ilin ən aşağı səviyyəsinə düşüb

Türkiyə bir çox Avropa ölkələri ilə birlikdə "Afrika" istisinin təsiri altına düşüb.
Sputnik
BAKI, 21 iyul — Sputnik. İstanbulun su anbarlarında suyun səviyyəsi istilər səbəbindən 2014-cü ildən bəri ən aşağı səviyyəyə düşüb.
Bunu İstanbul Su Resursları və Kanalizasiya İdarəsi (İSKİ) bildirib.
Rəsmi qurumların məlumatına görə, hazırda şəhərin su anbarları 39,84% dolub. Həftə ərzində suyun səviyyəsi 15,8 milyon kubmetr (demək olar ki, 2%) azalıb.
İdarədən verilən məlumata görə, bu tarixə yalnız 2014-cü ildə su anbarları 20 faiz dolu olub, sonrakı səkkiz ildə isə səviyyə 60 faizdən aşağı düşməyib. Eyni zamanda, on ən böyük su anbarından ən azı ikisi praktiki olaraq dayaz hala gəlib - onlar 4 və 7% doludurlar.
Hava proqnozlarına görə, yaxın on gündə İstanbulda yağıntı gözlənilmir, havanın temperaturu 30-35 dərəcə isti təşkil edəcək.
Türkiyə bir çox Avropa ölkələri ilə birlikdə "Afrika" istisinin təsiri altına düşüb: Antalyada, təxminən 41-43 dərəcə, ölkənin cənub-şərqində Suriya və İraqla sərhəddə eyni göstəricilər hökm sürür. Marmaris, Bodrum və digər istirahət mərkəzlərində ikinci həftədir ki, istilər 40 dərəcənin üzərindədir, gecələr temperatur 30-dan aşağı düşmür.
Qeyd edək ki, yanvar-fevral aylarında əhəmiyyətli dərəcədə yağıntının olmaması İstanbulun su anbarlarında suyun səviyyəsinin fəlakətli şəkildə azalmasına, quraqlıq təhlükəsi və istehlakçılara suyun verilməsində məhdudiyyətlərə səbəb olub – o zaman suyun səviyyəsi 30%-dən aşağı düşmüşdü.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.