BAKI, 21 iyul — Sputnik. ABŞ Müdafiə Nazirliyinin Baş Müfəttişlik İdarəsi Qərb müttəfiqləri tərəfindən Ukraynaya verilən silah və texnikanın oğurlanması faktlarını aşkar ediblər.
"CNN" telekanalı yoxlama idarəsinin hesabatına istinadən bu barədə xəbər verib. Hesabatın nüsxəsi jurnalistlərin sərəncamında olub.
Hesabat 6 oktyabr 2022-ci il tarixlidir və fevraldan sentyabr ayına qədər olan dövrü əhatə edir.
Məlumat verilib ki, 2022-ci il iyunun sonlarında mütəşəkkil cinayətkar qrup saxta sənədlərin köməyi ilə könüllülər batalyonuna daxil olub və silah, o cümlədən qumbaraatan və pulemyot, həmçinin 1000-dən çox patron oğurlayıb. Hesabata görə, baş verənlər Ukraynanın xüsusi xidmət orqanları tərəfindən aşkarlanıb.
Həmin ay Ukraynanın təhlükəsizlik xidmətləri ölkənin cənubunda oğurlanmış silah və sursatları satmağa çalışan silah alverçilərinin cinayət planının qarşısını alıb. Elə həmin dövrdə, humanitar təşkilatların əməkdaşları adı altında 17 min ABŞ dolları dəyərində gülləkeçirməz jiletləri oğurlayan quldur dəstəsi aşkar edilib.
2022-ci ilin avqustunda isə kəşfiyyat orqanları 60 tüfəng və 1000-ə yaxın patron oğurlayan və onları "ehtimal ki, qara bazarda satış üçün" saxlayan bir qrup könüllü batalyon döyüşçüsünü aşkar ediblər.
Xatırladaq ki, Rusiya Ukraynaya silah tədarük etdiyi üçün bundan əvvəl NATO ölkələrinə nota göndərib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, içində Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə "odla oynayırlar". Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Ukraynanın Qərbdən silahlarla təchiz edilməsi Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir və mənfi təsir göstərəcək. Lavrov bəyan edib ki, ABŞ və NATO Ukraynadakı münaqişədə, təkcə silah tədarükü deyil, həm də Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrdə kadrların hazırlanması ilə birbaşa iştirak edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.