BAKI, 20 iyul — Sputnik. İsveçin Bağdaddakı səfirliyi diplomatik missiyanın binasının yandırılmasından sonra növbəti xəbərdarlığa qədər fəaliyyətini dayandırıb.
TASS xəbər agentliyinin məlumatına görə, bu barədə İsveçin səfirliklərin idarə edilməsi qurumunun rəsmi saytında dərc edilmiş məlumatda bildirilib.
"İyunun 29 və 30-da Bağdaddakı İsveç diplomatik missiyasının qarşısında, həmçinin iyulun 20-də keçirilən nümayişlərlə əlaqədar səfirlik növbəti xəbərdarlıq edilənədək ziyarətçilər üçün bağlıdır. Pasportların verilməsi və təcili sənədlərin işlənməsi dayandırılıb", - qeyd edilib (Report).
Qeyd edək ki, bu gün Quranın yandırılması aksiyasına etiraz olaraq iraqlılar Bağdaddakı İsveç səfirliyinin binasına soxulublar. Etirazçılar səfirliyi ələ keçirib və yandırıblar. Səfirlik əməkdaşlarından heç biri xəsarət almayıb.
Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Quranın və digər müqəddəs kitabların yandırılmasını pisləyib. Qurumun İnsan Hüquqları Şurası (UNHRC) Qurani-Kərimin və digər müqəddəs kitabların yandırılmasını pisləyən qətnamə qəbul edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.