Azərbaycanın "Neftçi" futbol klubu Moskvanın "Spartak" klubu ilə əməkdaşlıq edəcək.
Moskvada "Spartak" və Bakının "Neftçi" klubları arasındakı yoldaşlıq matçından əvvəl iki klubun əməkdaşlığı haqqında memorandum imzalanıb. Sənədi "Neftçi"nin Prezidenti Kamran Quliyev və "Spartak"ın baş direktoru Oleq Malışev imzalayıb. Razılaşma çərçivəsində Bakıda klublar arasında daha bir yoldaşlıq görüşünün keçirilməsi, eləcə də iki komandanın akademiyaları arasında əməkdaşlıq nəzərdə tutulub.
Kamran Quliyev memorandumun hər iki kluba fayda verəcəyinə və iki ölkədə futbolun inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.
"Əməkdaşlıq təkcə yoldaşlıq oyunlarının keçirilməsinə aid deyil, həm də geniş məsələləri əhatə edir. Biz eyni şəkildə Sankt-Peterburqun "Zenit" klubu ilə işləyəcəyik", - deyə Quliyev qeyd edib.
İyulun 18-də keçirilən "Spartak" və "Neftçi" komandaları arasında baş tutan yoldaşlıq görüşünə gəlincə, Moskva klubu 2:0 hesabı ilə qalib gəlib. Ev sahiblərinin heyətində Pavel Melyoşin və Kvinsi Promes fərqləniblər.
Xatırladaq ki, bu görüş "Neftçi" üçün Rusiyadakı mövsümlərarası təlim-məşq toplanışı çərçivəsində dördüncü və sonuncu görüş olub. Bu yaxınlarda Adrian Mutunun komandası Sankt-Peterburqda olarkən "Matç TV-nin Kuboku" beynəlxalq yoldaşlıq turnirində iştirak edib və bu turnirdə Sankt-Peterburqun "Zenit" (1:3), Belqradın "Qırmızı Ulduz" (0:4) və İstanbulun "Fənərbaxça" (0:1) klubları ilə üç oyun keçirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.