CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda qadın mollalara dini ayinləri icra etməyə rəsmən icazə verilib

Mübariz Qurbanlı deyib ki, yas mərasimlərində təyinatı olmayan adamlar gedib məclis idarə edirlər.
Sputnik
BAKI, 19 iyul — Sputnik. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 20-yə yaxın qadın dini ayinləri icraçısı təyinatı olub. Məqsəd həm də odur ki, yas mərasimlərində qadın dini ayinlərini icra edənlər iştirak etməklə bu yerlərdə xurafat, falçılıq kimi zərərli vərdişləri deyil, əsl din təbliğ olunsun.
Bunu "Media və dini təhlükəsizlik" mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
Onun sözlərinə görə, yas mərasimlərində təyinatı olmayan adamlar gedib məclis idarə edirlər: "Əslində yas məclislərini idarə edən təhsilli adam olmalıdır, amma vətəndaşa hökm etmək olmaz ki, kimisə dəvət et. Ona görə bu məsələdə problemlər var. Bəzən bizim Komitəni, Qafqaz Müsəlmanları İdarəsini bu məsələyə görə tənqid edirlər. Azərbaycanın 10 milyondan çox əhalisi var. Kim yasa kimi dəvət edir, bunun hamısını tənzimləyə bilmirik, Komitənin cəmi 179 əməkdaşı var. Təhsili olmayan dini ayin icra etməz. Bu məsələ məscidlərdə həll olunub. Amma məsciddən kənar proseslərdə ictimaiyyəti inandırmalıyıq ki, təhsili olmayan adamı bu cür məclislərə dəvət etmək olmaz".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.