BAKI, 18 iyul — Sputnik. İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə təkbətək görüşü olub.
Prezidentin rəsmi saytınını yaydığı məlumata görə, onlar əvvəlcə birgə foto çəkdiriblər.
Söhbət zamanı Prezident İlham Əliyev ilə Neçirvan Bərzani arasında bu ilin fevralında Münxendə keçirilən görüş xatırlandı. Həmin görüşdə əməkdaşlığın əsas istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığı qeyd olunub, Neçirvan Bərzaninin səfərinin əməkdaşlığımızın dinamikasının artması işinə töhfə verəcəyi bildirilib.
Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edib.
Görüşdə dövlətimizin başçısı İraq Prezidenti Əbdüllətif Camal Rəşidin Qoşulmama Hərəkatının Zirvə toplantısı çərçivəsində bu ilin martında Azərbaycana səfəri və ikitərəfli əlaqələrimizin inkişafına dair onunla apardığı müzakirələri, həmçinin İraq Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüsseynin ölkəmizə səfəri zamanı keçirdiyi görüşü və əlaqələrimizin inkişafı ilə əlaqədar müzakirələri məmnunluqla xatırladıb.
Söhbət zamanı İraq Kürdüstan Regionu ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, sərmayələr, enerji sahəsində əməkdaşlıq, turizm imkanlarının artırılması, birbaşa aviareyslərin açılması və digər məsələlərlə bağlı müzakirələr aparılıb.
Neçirvan Bərzani kimdir və Azərbaycana niyə gəlib?
Mustafa Bərzaninin nəvəsi Neçirvan Bərzani 1966-cı ildə İraqın Ərbil şəhərində anadan olub. 1974-cü ildə ailəsi ilə birlikdə İraqı tərk edərək İrana getməli olur. 1984-cü ildə Tehran Universitetinin siyasi elmlər fakültəsini bitirib.
Bərzani ölkəsinə qayıtdıqdan sonra Kürdüstan Demokrat Partiyasına(KDP) üzv olub və siyasətə başlayıb. 1989-cu ildə KDP Mərkəzi İcraiyyə Komitəsinə üzv seçilib. 1991-ci ildə Körfəz müharibəsindən sonra İraq hökuməti ilə danışıqlarda iştirak edib. 1996-cı ildə Kürdüstan Demokratik Partiyasının nəzarətində olan bölgənin baş nazirinin müavini təyin edilib.
2006-cı ildə o, Kürdüstan Regional Hökumətinin baş naziri təyin edilib. O, bu vəzifəni 2012-ci ildə keçirilən seçkilərdə də davam etdirib. Neçirvan Bərzani Türkiyə ilə Kürdüstan Bölgəsi hökuməti arasında münasibətlərin yaxşılaşdırılması üçün də xüsusi səylər göstərib.
"Türkiyə Kürdüstan Bölgəsinin Qərbə açılan qapısıdır. Siyasi və iqtisadi baxımdan əhəmiyyətli bir ölkədir", - deyən Bərzani iki ölkə arasında münasibətlərin normallaşmasında iştirak etməkdən məmnun olduğunu bildirib.
Neçirvan Bərzani Türkiyə ilə rəsmi görüş keçirən ilk Kürdüstan bölgəsinin idarəçisidir.
Kürdüstan liderinin Azərbaycanla əlaqələri
Qeyd edək ki, cari ilin fevralın 18-də Azərbaycan Prezidenti İlham Əliyevlə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani arasında görüş olub. İraqın Kürdüstan Regionu ilə Azərbaycan arasında ortaq tarixi və mədəni əlaqələrin olduğunu qeyd edən Neçirvan Bərzani bildirib ki, bu regionun Türkiyə ilə də çox sıx münasibətləri var və bu xüsusda birgə əməkdaşlıq layihələrinə baxıla bilər.
Həqiqətən də, İraq Kürdüstanı ilə Azərbaycan arasında ilk baxışda göründüyündən daha çox ortaq cəhətlər var. Həm Ərbilin, həm də Bakının əsas gəlir mənbəyi karbohidrogen ehtiyatlarıdır. Neft və qaz yataqlarının işlənməsində SOCAR muxtariyyatın neft-qaz sektorunun oyunçularından birinə çevrilə bilər.
Ümumiyyətlə, Azərbaycanla İraq Kürdüstanı arasında əməkdaşlığın başlanğıcı Bakının iqtisadi diplomatiyasında alternativ bazarların, investisiya layihələrinin və enerji sektorunda əməkdaşlığın genişləndirilməsinə yönəlmiş mühüm səhifədir ki, bu da hər iki tərəfin xeyrinə olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.