CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Naxçıvanda Eneolit və Antik dövrə aid maddi mədəniyyət nümunələri aşkar olunub

Yaşayış yerinin Son Eneolit dövrü təbəqəsi burada Antik dövrə və müasir dövrə aid qəbirlərin qazılması zamanı dağıntıya məruz qalıb.
Sputnik
BAKI, 17 iyul — Sputnik. AMEA Naxçıvan Bölməsinin Tumbultəpə arxeoloji ekspedisiyası tərəfindən Naxçıvan şəhəri ərazisində, Naxçıvançayın sağ sahilində yerləşən Tumbultəpə yaşayış yerində tədqiqatlar davam etdirilir.
Arxeoloji araşdırmalar zamanı yaşayış yerində Son Eneolit dövrünə və Antik dövrə aid maddi mədəniyyət nümunələri aşkar olunub.
Araşdırmalar göstərir ki, yaşayış yerinin Son Eneolit dövrü təbəqəsi burada Antik dövrə və müasir dövrə aid qəbirlərin qazılması zamanı dağıntıya məruz qalıb. Bununla belə tədqiqat zamanı Son Eneolit dövrü insanlarının dördkünc formalı evlərdə yaşadığı müəyyən edilib.
Eneolit dövrünün son mərhələsinə aid maddi mədəniyyət nümunələri indiyədək Naxçıvan Muxtar Respublikasında Ovçulartəpə, Yeni yol, Şorsu, Zirincli, Sərinbulaq kimi yaşayış yerlərindən, həmçinin Arazdan cənubda Culfa Kültəpəsi Köhnə Pasqah, Şərqi Anadoluda Aştəpə, Sarıgül, Hanaqo və digər abidələrdən məlumdur. Ovçulartəpə mədəniyyətinin son mərhələsinə aid olan bu tapıntılar həmin mədəniyyətin geniş bir coğrafiyada yayıldığını göstərir.
Tumbultəpə yaşayış yerinin tapıntıları isə bu mədəniyyətin lokal xarakter daşımadığını bir daha təsdiq edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.