BAKI, 14 iyul — Sputnik. Bu il üçün nəzərdə tutulan qazlaşdırma işləri çərçivəsində 92 kənd və yeni yaşayış massivində daşıyıcı və paylayıcı küçə xətlərin çəkilməsi işləri aparılır.
Bunu SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov "Açıq qapı" aksiyası çərçivəsində bildirib.
Onun sözlərinə görə, daha 60-a yaxın kənd və yeni yaşayış massivində qazlaşdırma işlərinə avqust ayında start verilməsi nəzərdə tutulub.
"Azəriqaz" İB-nin binası, arxiv şəkli
© Photo : AzeriGas Production Union
Şöbə müdiri onu da qeyd edib ki, bu ilin sonuna kimi respublika üzrə 150-yə yaxın yaşayış məntəqəsinin və yeni yaşayış massivinin qazlaşdırılması planlaşdırılıb.
"Bu ilin kapital qoyuluşu proqramında əsas önəm yeni yaşayış massivlərinin qazlaşdırılmasına verilib", - "Azəriqaz" nümayəndəsi vurğulayıb.
Teymur Cəfərov onu da əlavə edib ki, 2021-ci ilə qədər respublikada qazlaşdırma işləri dövlət vəsaiti hesabına həyata keçirilirdi, lakin hazırda bu işlər "Azəriqaz"ın daxili maliyyə vəsaitləri hesabına reallaşır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.