Quru sərhədlərinin bağlı olmasına baxmayaraq, Azərbaycanda turizm sahəsi canlanma dövrünü yaşayır. Hazırda əsas məqsəd COVID-19 pandemiyasından əvvəlki dövrün göstəricilərinə nail olmaqdır. Bunu Sputnik Azərbaycan-a müsahibəsində Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi söyləyib.
"Hindistan, Pakistan vətəndaşları hesabına Azərbaycana turist axınının coğrafiyası genişlənir, ərəb ölkələrindən gələnlərin sayı artır", - deyə Dübəndi bildirib.
Ekspert vurğulayıb ki, Azərbaycan öz tarixi irsinin qorunmasına diqqət yetirir.
Onun sözlərinə görə, ən populyar daxili turizm istiqamətləri İsmayıllı rayonunun Basqal kəndi, Şəki, Xınalıq və s. olub.
O, həmçinin qeyd edib ki, Azərbaycanda otellərdə yerləşmə qiymətləri ötən illə müqayisədə ciddi dəyişikliklərə məruz qalmayıb.
Ekspert eyni zamanda inflyasiya ilə bağlı qiymət artımının da olduğunu bildirib.
"Azərbaycan Dövlət Turizm Agentliyi qanunvericilik səviyyəsində otellərin təsnifatı, onlara ulduzların verilməsi ilə məşğul olur", - deyə Dübəndi sözünü yekunlaşdırıb.