BAKI, 14 iyul — Sputnik. Rusiyanın taxıl sazişində iştirakının uzadılması ilə bağlı yeni elementlər yoxdur. Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
"Dünən prezident bu sövdələşmə ilə bağlı mövqeyini açıqladı. Əvvəl də olduğu kimi, hələlik yeni elementlər yoxdur", - Peskov bildirib.
Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Rusiyanın taxıl sazişində iştirakını dayandırmağı və Rusiya Federasiyası ilə bağlı vəd edilmiş şərtlər yerinə yetirildikdə ona qayıtmağı nəzərdən keçirəcəyini bildirmişdi. O, həmçinin Rusiya tərəfinin sazişin uzadılması barədə düşünəcəyini və hələlik yekun qərarın olmadığını açıqlayıb.
"Prezidentin dünən dediyi kimi, hələ bir neçə günümüz qalıb", - Peskov əlavə edib.
"Rusiya sövdələşmədə iştirakını dayandırsa nə olacaq və bu, taxıl daşıyan gəmilərin Ukrayna limanlarından çıxmasına mane olacaqmı?" sualına Peskov cavab verib ki, bu məsələlər qalan bir neçə gündə işlənib hazırlanacaq.
Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan "Taxıl sazişi" Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.
Qeyd edək ki, daha öncə iki dəfə 60 gün müddətində uzadılan müqavilənin müddəti iyulun 17-də başa çatacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.