DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə Rusiya ilə Ukrayna arasında sülhün bağlanmasının tərəfdarıdır - Ərdoğan

Türkiyə Prezidenti deyib ki, sülhün əldə edilməsində uduzan olmadığı kimi, müharibədə də qalib yoxdur.
Sputnik
BAKI, 12 iyul - Sputnik. Türkiyə Rusiya ilə Ukrayna arasında sülhün bağlanmasının tərəfdarıdır və hesab edir ki, bu halda uduzan olmayacaq.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Vilnüsdə keçirilən sammitinin yekunlarına dair mətbuat konfransında deyib.
"Sülhün əldə edilməsində uduzan olmadığı kimi, müharibədə də qalib yoxdur. Biz regionumuzda sülhə ümidi canlandırmaq istəyirik. Ukraynada ədalətli sülhün bərqərar olmasının tərəfdarıyıq", - o vurğulayıb.
Eyni zamanda Türkiyə lideri qeyd edib ki, Rusiya və Ukrayna arasında vəziyyətin həll olunması üçün vasitəçi olmağa hazırdır. Lakin ona belə bir təkliflə müraciət edən olmayıb.
Xatırladaq ki, 11-12 iyul tarixlərində Litvanın paytaxtı Vilnüs şəhərində NATO-nun sammiti keçirilib. NATO dövlətlərinin liderləri Şimali Atlantika Alyansının qarşısında duran ən aktual vəzifələri həll etmək üçün bir araya gəliblər.
Sammit bir çox məsələlər, o cümlədən İsveçin alyansa üzvlüyü, Ukraynaya dəstək, üzv ölkələrin müdafiə öhdəliyinin artırılması kimi məsələlər müzakirə edilib.
Gözləntilərin əksinə olaraq, sammitdə Ukrayna Alyansa dəvət edilməyib.
Halbuki daha əvvəl Alyansın Baş katibi Yens Stoltenberq Kiyevin quruma üzvlük istəyini dəstəkləmişdi.
Bu arada Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Seygey Narışkin qeyd edib ki, Litvada keçirilən NATO sammitində Rusiya üçün gözlənilməz heç nə səslənməyib və sənədlərdə qeyd olunmayıb.
"Mənə elə gəlir ki, sammitə hazırlığın bütün mərhələsi kifayət qədər açıq şəkildə keçirilib, ona görə də sammitdə Rusiya tərəfi üçün gözlənilməz ola biləcək heç nə eşidilməyib və sənədlərdə qeyd olunmayıb", - Xarici Kəşfiyyat Xidmətinin direktoru deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.