BAKI, 12 iyul — Sputnik. Süni anbar 2011-ci ildə tikilib. Gölün dayanıqlığı ilə bağlı tədqiqatların aparılması nəzərdə tutulur.
Bunu Ekologiya və təbii sərvətlər naziri, Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan Komissiyanın sədri Muxtar Babayev bildirib.
Muxtar Babayev deyib ki, mövcud tullantı anbarının istismar müddəti 3 aydan çox olmadığı, həmçinin ikinci anbarın tikintisinə razılıq verilmədiyi nəzərə alınaraq, istismarçı şirkətlə görüşdə də bu məsələlər səsləndirilib:
"Şirkətə istismarın müvəqqəti dayandırılması təklif olunub. Bu barədə razılıq əldə olunub və bu barədə Nazirlər Kabinetinə təklif veriləcək".
Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib ki, ölkəmizin böyük hissəsi artıq rəsmən "yaşıl enerji" zonası elan edilib və bunun fonunda Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir.
"Mən hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib. İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil. Düzdür, vətəndaşların bir hissəsi təxribatçıların fitnəsinə uyaraq ədəbsiz hərəkətlər ediblər, qanunsuz hərəkətlər ediblər və bu da dözülməzdir, qəbuledilməzdir", - Prezident deyib.