BAKI, 12 iyul - Sputnik. Rusiya Silahlı Qüvvələri plana uyğun olaraq, "Vaqner" Özəl Hərbi Şirkətinin bölmələrindən silah və hərbi texnikanın qəbulunu başa çatdırıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Nazirliyi qeyd edib ki, onlar 2 mindən çox texnika, o cümlədən 20 minə yaxın atıcı silah və 2,5 min tondan çox müxtəlif döyüş sursatları alıblar.
"Vaqner" ÖHŞ yüzlərlə ağır silah - T-90, T-80, T-72B3 tankları, "Qrad", "Uraqan" reaktiv yaylım atəş sistemləri, "Pançir" zenit-raket sistemləri, özüyeriyən artilleriya qurğuları təhvil verib.
Qeyd olunur ki, ötürülən texnikalar arasında döyüş şəraitində istifadə olunmayan silahlar var.
Xatırladaq ki, iyunun 24-də “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb. O, bundan sonra Rusiyada qiyama başlayıb.
Elə həmin gün “Vaqner”çilər Rusiya Silahlı Qüvvələrinə məxsus qırıcı təyyarə və helikopterləri vurublar. Rusiya Prezidenti Vladimir Putin isə xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib.
Yevgeni Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.
Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. İyunun 27-də isə Federal Təhlükəsizlik Xidməti silahlı qiyamla bağlı başlanmış cinayət işinə xitam verildiyini elan edib.
Yevgeni Priqojinin Belarusda olduğu ehtimal edilirdi. Lakin Belarus Prezidenti Aleksandr Lukaşenko bunu təkzib edib. O iyulun 6-da KİV-ə veridiyi açıqlamada deyib ki, Priqojin Belarus ərazisində deyil, Sankt-Peterburqdadır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.