CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda tikilən binaların uçma ehtimalı varmı? Seysmoloq rəyi

Ekspert bildirir ki, ümumiyyətlə xırda zəlzələlərin baş verməsi daha yaxşıdır, belə olan halda yerdə gərginlik azalır.
Sputnik
BAKI, 11 iyul — Sputnik. Azərbaycan ərazisində silkələnmələr çoxdur və dağəmələgəlmə prosesi davam etməkdədir. Zəlzələdən qorxmaq lazım deyil, o, adam öldürmür. Tələfata səbəb olan məsuliyyətsiz insanların tikdikləri binalardır.
Bunu Sputnik Azərbaycan-ın Multimedia şöbəsinin qonağı, AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri, seysmoloq Ənvər Əliyev deyib.
"Azərbaycanda tikilən binalar o dərəcədə uça bilməz. Bununla belə, binaların hamısı etibarlı və təhlükəsizdir. Bizim əsas təsəllimiz odur ki, Abşeron ərazisində heç vaxt dağıdıcı zəlzələ olmayıb", - alim deyib.
O, Yaponiyanı misal çəkərək bildirib ki, ora dünyanın ən seysmik ölkəsi hesab olunsa da, artıq dağıntılarla üzləşmir:

"Sadəcə, belə ərazilərdə bina tikilərkən antropogen və s. amillər nəzərə alınmalıdır. Keyfiyyətsiz armaturdan istifadə etdikdə, işə məsuliyyətsiz yanaşdıqda, risq yarana bilər. Bina tikməzdən öncə yerin xarakteri araşdırılmalıdır. Elmi cəhətdən təsdiqlənən standartlara uyğun iş görsək, heç bir risq olmaz".

Ekspert qeyd edir ki, ümumiyyətlə xırda zəlzələlərin baş verməsi daha yaxşıdır, belə olan halda yerdə gərginlik azalır.
Qeyd edək ki, iyulun 4-ü saat 00:01-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ Quba, Xaçmaz, Şabran, Siyəzən 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala qədər hiss olunub. Təkanların maqnitudası 5,7, dərinliyi isə 65 km olub. Dağıntı və tələfat olmayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.