BAKI, 10 iyul — Sputnik. Bankların fəlsəfəsini dəyişmək lazımdır. Bank kredit verdi, riski qarşılamaq üçün girov görürdü. Belə olan halda banklar düşünür ki, pulunu ala bilməsə şəxsin boğazını üzəcək, nə olur, olsun pulunu geri alacaq. Cəmiyyətdə bankın adı ev yıxandır. Çünki şəxs pulu verə bilmədikdə evi yıxılır.
Bunu millət vəkili Razi Nurullayev “Bank mübahisələrinin uğurlu həlli yolları” adlı elmi-praktik konfransda çıxışı zamanı deyib.
O bildirib ki, bank pul verib, pul almaq fəlsəfəsindən çıxmalıdır, daha faydalı olmalıdır: “Banklar həm də pul verdiyi şəxsə faydalı olmalı, ona dəstək olmalıdır. Verilən kreditin səmərəli olması üçün banklar xüsusi bir qurum yarada, ictimai iştirakçılığı formalaşdıra bilər. Bank fiziki, yaxud da hüquqi şəxsin pul qazanmasına yardım etməlidir. Bu işə bir maliyyə startapı kimi də yanaşa bilərik. İnsanlar var biliyi var, pulu yoxdur, onlara yardım etmək laızmdır”.