BAKI, 9 iyul - Sputnik. NATO-ya üzv dövlətlər alyansın Vilnüsdə keçiriləcək sammitində Ukraynanın hərbi-siyasi bloka daxil olması perspektivləri ilə bağlı vahid mövqedən çıxış edəcəklər.
Bunu NATO-nun baş katibi Yens Stoltenberq “Sky News” telekanalına müsahibəsində deyib.
"Bu, asan deyil, çünki bir çox müttəfiqlərin fərqli mövqeləri və baxışları var. NATO-nun gücü ondan ibarətdir ki, biz həmişə bir mövqe ətrafında toplaşa bilirik”, - Stoltenberq bildirib.
Baş katibin sözlərinə görə, o, tam əmindir ki, alyans üzvləri Ukraynanın NATO-ya daxil olması perspektivləri ilə bağlı hamı üçün əlverişli yol tapacaqlar.
ABŞ prezidenti Cozef Bayden isə bundan əvvəl Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı alyansda vahid mövqenin olmadığını bildirib.
"Hazırda Ukraynanın alyansa qəbulu məsələsində NATO-da birlik görmürəm”, - o, “CNN”ə müsahibəsində deyib.
ABŞ lideri Ukraynaya alyansa qoşulmağa hazırlaşmağa kömək etməyə, həmçinin müvəqqəti olaraq təhlükəsizlik zəmanətləri verməyə hazır olduğunu da əlavə edib:
"Amerika Birləşmiş Ştatları Ukraynaya İsrail modelində təhlükəsizlik zəmanəti verməyə hazırdır".
Baydenin sözlərinə görə, Vaşinqtonun zəmanət verməsi Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatına qoşulması demək deyil.