BAKI, 9 iyul - Sputnik. Özbəkistanda prezident seçkilərində səsvermə başa çatıb.
Ölkə üzrə seçki məntəqələri yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 19:00) bağlanıb.
Saat 17:00-a olan seçici fəallığı 69,85 faiz təşkil edib (13,4 milyondan çox insan səs verib). Yekun seçici fəallığı daha sonra dərc olunacaq.
Qeyd edək ki, Özbəkistanda seçkilərin baş tutmuş hesab edilməsi üçün seçici fəallığı 33 faizi ötməlidir.
Xatırladaq ki, yerli vaxtla səhər saat 8:00-da Özbəkistandan kənarda 39 ölkədə 56 seçki məntəqəsi də daxil olmaqla 10 784 seçki məntəqəsi açılıb.
Qeyd edək ki, aprelin 30-da Özbəkistanda konstitusiyaya düzəlişlər üzrə referendum keçirilib və prezidentin səlahiyyət müddəti beş ildən yeddi ilə qaldırılıb. Özbəkistan qanunlarına əsasən, özbək dilini bilən, son on ili ölkədə yaşayan və namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülən 35 yaşdan yuxarı bütün vətəndaşlar seçkilərdə iştirak edə bilər.
Seçkilərdə hazırkı Prezident Şavkat Mirziyoyev, Xalq Demokratik partiyasının namizədi Uluğbek İnoyatov, Ekologiya partiyasının namizədi Abduşukur Hamzayev və Ədalət Sosial Demokratiya partiyasının namizədi Roba Mahmudova mübarizə aparır.
14:39
Özbəkistanda növbədənkənar prezident seçkilərində səs verənlərin sayı 10 052 289 nəfərə çatıb ki, bu da ümumi seçicilərin (19 270 212 nəfər) 52,16%-ni təşkil edir.
Bunu Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədr müavini Bahrom Kuçkorov deyib.
Qeyd edək ki, bu gün Özbəkistanda növbədənkənar prezident seçkiləri keçirilir.
Ölkədə seçki məntəqələri yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 7:00) açılıb və 20:00-da (Bakı vaxtı ilə saat 19:00) bağlanacaq.
11:43
Özbəkistanda növbədənkənar prezident seçkilərində yerli vaxtla saat 11:00-ın məlumatına görə, seçicilərin 33,54%-dən çoxu səsvermədə iştirak edib. Bununla da qanunvericiliyə əsasən, ölkədə prezident seçkiləri baş tutmuş sayılır.
Bunu Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Bahrom Kuçkarov bildirib.
"Alınan məlumatlara görə, yerli vaxtla səhər saat 11-də 6 milyon 463 min 874 seçici səs verib ki, bu da 33,54 faiz təşkil edir", - Kuçkarov deyib.
O xatırladıb ki, Seçki Məcəlləsinə əsasən,seçicilərin azı 33 faizi seçkilərdə iştirak etdikdə seçkilər baş tutmuş sayılır.
MSK-nın yenilənmiş məlumatlarına əsasən, vahid seçici siyahısında 19 milyon 414 min 914 nəfərə yaxın seçici qeydə alınıb.
B.Kuçkarov qeyd edib ki, səsvermə başlayandan heç bir ciddi qanun pozuntusuna rast gəlinməyib.
MSK sədri əlavə edib ki, seçicilər səsvermədə fəal iştirak edirlər.
Xatırladaq ki, səsvermə yerli vaxtla saat 20:00-dək davam edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.