DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Fransa islam dövlətinə çevrilir - parisli siyasətçilər həyəcan təbili çaldı

Keçmiş prezidentliyə namizədin fikrincə, ölkə bu istiqamətdə hərəkətini davam etdirərsə, Fransa İslam Respublikasına çevriləcək.
Sputnik
BAKI, 9 iyul — Sputnik. Vəziyyət dəyişməsə, Fransa islam respublikasına çevrilə bilər. Bunu ölkənin keçmiş prezidentliyə namizədi, ifrat sağçı "Yenidən fəth" (Reconquest) partiyasının lideri Erik Zemmur İspaniyanın Debate qəzetinə müsahibəsində bildirib.
"Demoqrafiya və demokratiyaya görə bu istiqamətdə irəliləməyə davam etsək, Fransa bir gün İslam respublikasına çevrilə bilər", - o deyib.
Zemmur vurğulayıb ki, müsəlmanların əksəriyyəti İslam qanunlarının dünyəvi qanunlardan üstün olduğuna inanırlar. Eyni zamanda, ölkə rəhbərləri bununla mübarizə üçün heç bir iş görmürlər.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransada irqçiliyi pisləməsinə gəlincə, siyasətçi deyib ki, Türkiyə lideri "Fransa Respublikasında olan bütün müsəlman miqrantları öz ölkəsində qəbul edə bilər".
Bundan əvvəl Ərdoğan Türkiyənin Fransadakı vəziyyəti diqqətlə izlədiyini bildirərək, sakitliyə və problemləri qan tökülmədən həll etməyə çağırıb. O, həmçinin bəyan edib ki, rəsmi Paris bu sosial partlayışdan dərs almalıdır.
Bir sıra fransız siyasətçiləri, xüsusən də ifrat sağçı "Milli Birlik" partiyasının rəhbəri Jordan Bardelle və "Xalq Respublika Birliyi" partiyasının lideri Fransua Asselino əvvəllər gərginlik və iğtişaşları miqrantlarla əlaqələndiriblər. Lakin Fransa Xarici İşlər Nazirliyi ölkənin bununla bağlı heç bir probleminin olmadığını bildirib.
Çərşənbə axşamı, iyunun 27-də polis əməkdaşları Nanteredə yolda yoxlama zamanı 17 yaşlı yeniyetməni güllələyiblər və təhlükəsizlik rəsmilərinin dediyinə görə, oğlan onların tələblərini yerinə yetirməkdən imtina edib. Həftə ərzində Fransanın bir sıra şəhərlərində iğtişaşlar baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə üzrə gənclər 12 mindən çox avtomobili, eləcə də 500-ə yaxın bələdiyyə binasını, polis bölməsini və digər qurumları yandırıblar.
Dörd mindən çox insan saxlanılıb, onların əhəmiyyətli bir hissəsi yetkinlik yaşına çatmayanlar olub. İqtisadiyyat Nazirliyinin məlumatına görə, mindən çox ticarət obyekti, 370-ə yaxın bank filialı, 200 ərzaq mağazası və 436 tütün mağazası talan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RUSİYA
Fransada ksenofobiya, miqrantlara qarşı düşmənçilik artıb - Rusiya XİN narahatdır