İQTİSADİYYAT

Dövlət Neft Şirkəti “Cisco Systems Inc” ilə anlaşma memorandumu imzalayıb

Bildirilir ki, SOCAR-ın korporativ strategiyasında ən son texnoloji və innovasiya həllərinin tətbiqi ilə əməliyyat səmərəliliyinin artırılması prioritet istiqamətlərdən biridir.
Sputnik
BAKI, 8 iyul - Sputnik. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın aparıcı şirkətlərindən biri olan “Cisco Systems Inc” arasında rəqəmsal transformasiya təşəbbüsləri, yeni texnologiyaların tətbiq edilməsi məqsədilə şəbəkə həlləri və proqram təminatları sahəsində anlaşma memorandumu imzalanıb. Bu barədə SOCAR məlumat yayıb.
Memorandum SOCAR ilə “Cisco Systems Inc” arasında texnoloji infrastruktur, təhlükəsiz rəqəmsal transformasiya, dayanıqlı İT, habelə rahat istifadəçi təcrübəsi yaratmaq istiqamətlərində əməkdaşlıq imkanlarını nəzərdə tutur.
SOCAR-ın korporativ strategiyasında dəyər zənciri üzrə fəaliyyət istiqamətlərinin rəqəmsallaşdırılması, o cümlədən ən son texnoloji və innovasiya həllərinin tətbiqi ilə əməliyyat səmərəliliyinin artırılması prioritet istiqamətlər kimi müəyyənləşdirilib.
"Bu xüsusda, texnologiya və innovasiya sahəsində dünya liderləri arasında olan “Cisco Systems Inc” ilə əməkdaşlıq SOCAR-ın uzunmüddətli strateji hədəflərinə töhfə verməklə yanaşı, rəqəmsal transformasiya sahəsində perspektiv imkanları artırmağa və gələcəyin iş yerini yaratmağa əlverişli zəmin yaradacaqdır", - deyə məlumatda bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.