BAKI, 7 iyul — Sputnik. Azərbaycanda bir mənzilin bir neçə şəxsə satılması ilə bağlı problem sonadək həllini tapmayıb.
Bunu bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc "Tikinti sektoru subyektləri arasında vahid müqavilə formasının tətbiq zərurəti, təmizlənməyən münasibətlərin sektorda yaratdığı problemlər və onların həlli yolları" mövzusunda konfransda bildirib.
"Biz Əfv Komissiyasının iclaslarında belə müraciətlərlə tez-tez qarşılaşırıq. Mənzil almaq istəyən vətəndaşı aldanmaqdan sığortalanması və daşınmaz əmlakın yalnız ona satıldığının hüquqi təminatı olmalıdır. Başqa ölkələrdə yoxlama üçün reyestr-sənədlərin və əmlakın qeydiyyat bazası mövcuddur. Qeyri-rəsmi məlumatlara görə, bir mənzilin bir neçə şəxsə satılması cinayətinin qurbanı olan şəxslərin sayı 5250 nəfərdir. Nəzərə alsaq ki, hər vətəndaş minimum 4 nəfərlik ailə tərkibinə malikdir, onların məruz qaldığı stress və maliyyə itkiləri hökumətdən bu sahədə təsirli tədbirlər görməyi tələb edir. Onu deyək ki, Azərbaycandan Avropa Məhkəməsinə müraciətlərin 90 faizə qədəri mülkiyyət hüquqları ilə bağlıdır", - Zahid Oruc əlavə edib.