BAKI, 6 iyul — Sputnik. "Dövlət satınalmaları haqqında" qanunun müddəaları nağd xarici valyutanın alınması və daşınmasına şamil edilməyəcək.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət satınalmaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, "Dövlət satınalmaları haqqında" qanunun müddəaları Mərkəzi Bankın bu Qanunda nəzərdə tutulmuş məqsəd və funksiyalarının həyata keçirilməsi ilə əlaqədar aşağıdakı satınalmalarına şamil edilmir:
- kağız və metal pul nişanlarının, o cümlədən yubiley və xatirə pul nişanlarının konsepsiyasının, dizaynının, mühafizə elementlərinin və digər texniki spesifikasiyalarının hazırlanması, istehsalı, daşınması, saxlanılması, sığortalanması, istehsal prosesinin auditinin keçirilməsi və keyfiyyət ekspertizasının aparılması ilə bağlı satınalmalar;
- beynəlxalq qızıl-valyuta ehtiyatlarının saxlanılması və idarə edilməsi ilə bağlı satınalmalar;
- nağd xarici valyutanın alınması və daşınması;
- nəzarət subyektlərinə münasibətdə nəzarət, o cümlədən rezolyusiya tədbirlərinin həyata keçirilməsi ilə bağlı satınalmalar.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.