CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Noyabrın birinədək bütün tüstü bacaları yoxlanılacaq?

2023-cü ilin noyabrın 1-dən 2024-cü ilin noyabrın 1-dək isə bütün mənzil və sənaye obyektlərində müayinələrin həyata keçirilməsi tam təmin olunacaq.
Sputnik
BAKI, 6 iyul — Sputnik. Tüstü bacaları ilə bağlı yeni qaydalar müəyyənləşib. Qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydası təsdiq edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qaz paylayıcısının işçiləri istehlakçıya beş iş günü əvvəldən sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə) bu Qaydada nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməlidirlər.
Maraqlıdır, noyabrın 1-dək bütün ölkə üzrə tüstü bacaları yoxlanılacaq?
"Azəriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, mənzildaxili müayinələrin keçirilməsinə istehlakçılar tərəfindən şərait yaradılmalıdır:
"Ölkə başçısının təqdimatı əsasında qaz təchizatı ilə bağlı qanuna dəyişiklik edilib. Bu dəyişikliklərə görə mənzildaxili müayinələrin aparılması qaz paylayıcısının səlahiyyətlərinə verilib. Həmin qanuna əsasən Nazirlər Kabineti qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydasını təsdiq edib".
Birliyin qeydinə görə, istehlakçılar tərəfindən mənzildaxili müayinələrin keçirilməsinə şərait yaradılmalıdır. İstehlakçı qaz paylayıcısının işçilərini müayinə üçün evinə, tikinti obyektinə buraxmadıqda, yaxud da müayinəyə mane olduqda qarşı tərəf bu barədə müvafiq aktda məlumat üçün qeyd aparmaqla qazın verilişini dayandıra bilər. Qazın verilişi həmin mənzil və obyektdə müayinənin aparılmasına müvafiq şərait yaradıldıqdan sonra təmin oluna bilər.
Qurumdan verilən məlumatda o da qeyd olunub ki, bu qaydalar 25 iyun 2023-cü ildə təsdiq edilib. Yəni bunadək müayinələrin keçirilməsi "Azəriqaz" İB-nin səlahiyyətində olmayıb:
"Yeni qaydalara əsasən hər ilin 1 noyabrınadək mənzildaxili müayinələrin keçirilməsi başa çatdırılmalıdır. Lakin göründüyü kimi qaydalar iyulda təsdiqlənib. Noyabrın 1-dək "Azəriqaz" İB tərəfindən təsdiq olunan qrafiklərə əsasən müayinələrin həyata keçirilməsi təmin olunacaq. 2023-cü ilin noyabrın 1-dən 2024-cü ilin noyabrın 1-dək isə bütün mənzil və sənaye obyektlərində müayinələrin həyata keçirilməsi tam təmin olunacaq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.