BAKI, 6 iyul — Sputnik. Biz savadsızlığa qarşı total reaksiya vermirik. Bunu Elm və təhsil naziri Emin Əmrullayev iyulun 6-da "Sertifikatlaşdırma: Peşəkar müəllim-keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, bu problemi Nazirlik tək həll edə bilməz: "Burada cəmiyyətin məsələyə münasibətləri köklü şəkildə dəyişməlidir. Dəyişməsə təhsil prosesində də keyfiyyəti tam mənası ilə yüksəltmək mümkün olmayacaq".
E.Əmrullayev vurğulayıb ki, orden və medalların dəqiq mənası göstərilməlidir. Çünki bir müəllimin medal və ya orden alması digər müəllimə haqsızlıq ola bilər.
Nazir həmçinin bildirib ki, sertifikasiya imtahanlarının suallarının məzmunu getdikcə çətinləşdiriləcək. O vurğulayıb ki, proses zamanla həyata keçiriləcək. Birdən-birə çətinlik dərəcəsini qaldırmağın hansısa faydası olmayacaq: "Bizim iki məqsədimiz var, birincisi keyfiyyəti qaldırmaq, ikincisi həmin keyfiyyəti bərabər paylamaq".
Onun sözlərinə görə, son 3-4 ildə riyaziyyatla məşğul olan insanın bu fənnlə problemi ola bilməz: "Lakin elə müəllim var ki, çubuqlu bölməni edə bilmir. Belə şəxslərin sayı çox olmasa da var".
Nazir hesab edir ki, rəqəmsal öyrənmə tədris prosesində bərabər bölünməyə öz töhfəsini verə bilər: "Müəllimlər üçün bu gün yeni rəqiblər var və bu hal qaçılmazdır".
E.Əmrullayev vurğulayıb ki, telefonlar və planşetlərə düzgün və lazımi məzmunu əlavə edə bilsək, tədris prosesinin düzgün bölünməsinə nail ola bilərik: "Bununla bizim kəndlərdə və şəhərlərdə oxuyan uşaqlarımız eyni səviyyədə təhsil ala biləcək. Koronavirus pandemiyası dövrü də bizə bunun gec-tez olacağını göstərdi".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.