BAKI, 6 iyul — Sputnik. Ölkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəsində 2.5 milyona yaxın notariat hərəkəti aparılıb.
Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, bu barədə nazirliyin kollegiya iclasında bildirilib.
Məlumata görə, iclasda 138 mindən çox vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatına alındığı bildirilib. Bu əməliyyatlarla ümumilikdə 6.6 milyon manat vəsaitin, daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 20% çox – 29 milyon manata yaxın sadələşdirilmiş verginin dövlət büdcəsinə köçürüldüyü vurğulanıb.
O da qeyd olunub ki, cari ildə əhaliyə göstərilən elektron ədliyyə xidmətlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər görülüb, vətəndaş məmnunluğu doğuran "Mobil notariat" tətbiqi istifadəçilərinin sayı 33% çoxalaraq 600 minə çatıb.
Həmçinin bildirilib ki, bu il azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası ilə bağlı dövlət büdcəsinə 2022-ci ilin birinci yarımili ilə müqayisədə təxminən 70% çox vəsait ödətdirilib.
Məlumata görə, həmin cəzaların icrasının daha səmərəli təşkili və nəzarətin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər görülüb, cari ildə 2.200-dən çox şəxsə elektron nəzarət vasitələri tətbiq olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.