"Hazırda qlobal planetar seysmik və vulkanik aktivliyin daha 22 illik dövrü başlayıb. Bu dövrdə bütün dünyada zəlzələlər və subduksiya zonalarının vulkanları aktivləşir. Bu dövr 1983-cü ildə SSRİ Elmlər Akademiyasının akademiki Viktor Xain, Azərbaycan Elmlər Akademiyasının akademiki Şəfayət Mehdiyev və Rusiya Təbiət Elmləri Akademiyasının akademiki, "Cənub Ümumrusiya Elmi-Tədqiqat Geofiziki Kəşfiyyat Metodları İnstitutu"nın direktoru Tofiq İsmayılzadə tərəfindən kəşf edilib. Sonradan bu, AMEA Rəyasət Heyətində Azərbaycanda ilk elmi kəşf kimi tanınıb", - deyə Xəlilov fikrini izah edib.
"İyirmi il keçdi, proqnoz təsdiqləndi. Əgər söhbət bizi nələrin gözləməsindən gedərsə, mən dəfələrlə təkrar etmişəm ki, Abşeronun altındakı nəhəng çöküntü qatının olması üzündən Bakı üçün çox güclü, 6,5 baldan yuxarı zəlzələ təhlükəsi yoxdur. Yəni 2000-ci ildə baş verən zəlzələdən güclüsü olmayacaq. Bəli, hiss olunur, amma unutmayın ki, Sovet dövründə Bakıda bütün binalar 8-9 bal gücündə zəlzələ nəzərə alınaraq tikilib. Hazırda isə Fövqəladə Hallar Nazirliyinin elmi-tədqiqat institutu və laboratoriyaları cəlb olunduğundan tikintiyə nəzarət xeyli artıb, daha peşəkar olub. O ki qaldı planetar seysmik aktivlik dövrünə, o, 2025-ci ilə qədər davam edəcək", - deyə alim bildirib.