RUSİYA

Volodin: Makron Fransanı özünüməhvetmə proseslərinə başlamasına gətirib

17 yaşlı yeniyetmənin hüquq-mühafizə orqanları əməkdaşlarının tələblərinə tabe olmaqdan boyun qaçıran polis tərəfindən qətlə yetirilməsi Fransada bir həftədən artıqdır davam edən iğtişaşlara səbəb olub.
Sputnik
BAKI, 5 iyul — Sputnik. Fransa Prezidenti Emmanuel Makronun yeritdiyi siyasət ölkədə özünüməhv proseslərinin başlamasına səbəb olub.
Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.
"Ölkə vətəndaş müharibəsinin astanasındadır. ...Makron öz hərəkətləri ilə bir vaxtlar güclü və sabit olan dövlətin özünü məhv etmə proseslərinə başlamasına gətirib çıxarıb", - Rusiya parlamentinin aşağı palatasının sədri özünün "Telegram" kanalında belə yazıb.
O, Fransanın siyasi sistemində qeyri-sabitliyin artmasını həmkarlar ittifaqlarının rolunun azalması və "siyasi monopoliyaya" can atan Makronun hərəkətləri nəticəsində partiya sisteminin zəifləməsi ilə əlaqələndirib. Volodin Fransa prezidentinin qollistləri və sosialistləri "siyasi sahədən sıxışdırmasını" xatırladıb.
"Bu ona gətirib çıxarıb ki, problemlər parlamentin divarları arasında deyil, küçədə müzakirə olunmağa başlayıb. Hakimiyyətdə öz nümayəndələrini görməyən insanlar öz maraqlarını tamam başqa üsullarla müdafiə etməyə başlayıblar", - deyə siyasətçi yazıb.
Volodin Fransada vəziyyətin daha da pisləşəcəyini proqnozlaşdırıb.
Xatırladaq ki, 17 yaşlı yeniyetmənin hüquq-mühafizə orqanları əməkdaşlarının tələblərinə tabe olmaqdan boyun qaçıran polis tərəfindən qətlə yetirilməsi Fransada bir həftədən artıqdır davam edən iğtişaşlara səbəb olub. Ölkənin on kommunasında iğtişaşlarla əlaqədar komendant saatı tətbiq etmək qərarına gəliblər. Onlara qarşı mübarizəyə 45 minə yaxın polis əməkdaşının cəlb olunması planlaşdırılır.