İDMAN

Bakıda keçiriləcək Şahmat üzrə Dünya Kubokunun loqosu təqdim olunub

Sayca 10-cu dəfə təşkil olunacaq Dünya Kubokunun open yarışında 206, qadınların mübarizəsində isə 103 şahmatçı iştirak edəcək.
Sputnik
BAKI, 5 iyul — Sputnik. İyulun 30-da Bakıda start götürəcək şahmat üzrə Dünya Kubokunun loqosu təqdim olunub.
Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, loqoda Bakının əsas rəmzlərindən biri olan Qız Qalası və şahmatda top fiqurunun elementlərindən istifadə edilib.
Top fiquru ilə qalanın cizgilərində memarlıq cəhətdən oxşarlıq yaradılıb.
Sayca 10-cu dəfə təşkil olunacaq Dünya Kubokunun open yarışında 206, qadınların mübarizəsində isə 103 şahmatçı iştirak edəcək.
Dünya Kubokunda planetin ən güclü zəka sahibləri mübarizə aparacaq. Onlar arasında dünya reytinqinin lideri Maqnus Karlsen (Norveç,2835), yüksək sıralarda qərarlaşan Azərbaycan təmsilçiləri Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov, eyni zamanda Hikaru Nakamura (ABŞ), Fabiano Karuana (ABŞ), Aniş Giri (Niderland), Qukeş Dommaradju (Hindistan) və digərləri Dünya Kubokunda qələbə uğrunda yarışacaq.
Qadınların yarışında hazırkı dünya çempionu Yu Vençjun (Çin), Aleksandra Qoryaçkina (FİDE), Xampi Koneru (Hindistan), Katerina Laqno (FİDE), Aleksandra Kostenyuk (İsveçrə), Nana Dzaqnidze (Gürcüstan), Mariya və Anna Muzıçuk (Ukrayna), Günay Məmmədzadə (Azərbaycan) iştirakçılar sırasında olacaq.
Azərbaycanı Dünya Kubokunda Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovla yanaşı Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abasov, Eltac Səfərli, Abdulla Qədimbəyli, Misrətdin İskəndərov, Nicat Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Vüqar Əsədli qadın millimizin lideri Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayeva təmsil edəcək.
Kişilərin yarışında ilk üç yeri tutacaq şahmatçı İddiaçılar Turnirinə vəsiqə qazanacaq. Yarışın ümumi mükafat fondu 2,5 milyon ABŞ dollarıdır.
Xatırladaq ki, Dünya Kuboku səkkiz illik fasilədən sonra ikinci dəfə Bakıda təşkil olunacaq. İlk dəfə mötəbər yarış 2015-ci ildə Azərbaycanda keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.